Dünya Bankı Azərbaycanda həyata keçirilməli 3 ən vacib islahatı açıqlayıb

16:48 - 16.06.2023


16 iyun, Fineko/abc.az. Azərbaycanda qeyri-enerji sektorunda məhsuldarlığı artırmaq üçün maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, özəl sektor üçün bacarıqlı insan resurslarına çıxışın artırılması və iqtisadiyyatda rəqabət üçün mühitin yaxşılaşdırılması kimi 3 islahat həyata keçirilməlidir. 

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə böyük iqtisadçısı Arvind Nair bildirib.

O, əlavə edib ki, ölkədə iqtisadi artıma nail olunması üçün sürətli islahatların keçirilməsi vacibdir:

“Biz bu yaxınlarda Azərbaycan üzrə çox geniş iqtisadi təhlilimizi yekunlaşdırmışdıq. Onun adı “Azərbaycan üzrə iqtisadi memorandum” idi və bu hesabatda belə bir fakt vurğulanırdı ki, Azərbaycan zəruri islahatları aparsa 2050-ci ilə qədər adambaşına gəliri indikindən 40 % artıq ola bilər. Bunu üçün isə müəyyən tədbirlərin görülməsi vacibdir. Ən vacibi özəl sektoru Azərbaycan iqtisadiyyatının lokomotivinə çevirməkdir. Özəl sektorun isə bu rola sahib olması üçün iqtisadiyyatda məhsuldarlığın artırılması vacibdir".