Mərkəzi Bankın sədrinə müşavir təyin edilib - DOSYE

15:55 - 17.05.2023


17 may, Fineko/abc.az. Mərkəzi Bankın sədrinə müşavir təyin edilib. 

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  Vüqar Fərman oğlu Əliyev Mərkəzi Bankın sədrinin müşaviri  təyin edilib.

1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1997-ci ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin universiteti “Beynəlxalq hüquq” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.

2004-cü ildə Böyük Britaniyanın “Association of Chartered Certified Accountants” (ACCA) təşkilatının həqiqi üzvü, 2009-cu ildə həmin Assosiasiyanın fəxri üzvü (FCCA) adına layiq görülmüşdür.

2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Hüquq elmləri namizədi” alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1995-ci ildə ingilis dili tərcüməçisi vəzifəsində başlamışdır.

1996-cı ildə “Price Waterhouse” Azərbaycan şirkətində audit üzrə köməkçi, 1998-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində audit üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.

1999-cu ildə “PricewaterhouseCoopers” Türkiyə, İstanbul ofisində biznes üzrə məsləhət xidmətləri şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir.

2000-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin meneceri, 2003-cü ildə baş meneceri, 2006-cı ildə isə direktoru vəzifəsinə təyin edilmişdir.

2023-cü ilin aprel ayından Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Ailəlidir, iki övladı var.