16:06 - 16.05.2023
16 may, Fineko/abc.az. Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.
ABC.AZ xəbər verir ki, ali audit qurumuna istinadən xəbər verir ki, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.
Audit nəticəsində subsidya verilməsi üçün ayrılmış vəsaitin 57,2 %-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. Belə ki, dövlət başçısının “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd muxtar respublikada tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 %-i əkin subsidiyası hesabına, 30 %-i isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülüb və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb.