Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Britaniya şirkətinin mənfəəti azalıb

14:42 - 16.05.2023


16 may, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, mədən şirkətinin gəlirləri 2021-ci ilə nisbətən 2022-ci ildə 8,4% və ya 7,8 mln. dollar azalaraq 84.7 mln. ABŞ dollarına enib. 2021-ci ildə “Anglo Asian" 92.5 mln. ABŞ dolları gəlir əldə etmişdi.

Ötən il şirkətin xalis mənfəəti isə 7.5 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 40,5% və ya 5,1 mln. ABŞ dolları azdır. 2021-ci ildə şirkət 12.6 mln. ABŞ dolları xalis mənfəət açıqlamışdı.

Qızıl hasilatının ümumi davamlı dəyəri hasilatın azalması səbəbindən bir unsiya üçün 1 064 dollara (2021-ci ildə 843 dollar olub) kimi artıb.

31 dekabr 2022-ci il tarixinə şirkətin nağd vəsaitləri 20.4 mln. dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu rəqəm 37.5 mln. dollar olub.

“Anglo Asian Mining" ötən il 2021-ci illə eyni həcmdə, hər səhm üzrə 4 sent olmaqla ümumilikdə 8,6 mln. dollar dividend ödədiyini açıqlayıb.