Azərbaycanda ilk dəfə: Xaricdə əldə olunmuş gəlirləri də bəyan etmək lazım olacaq

10:19 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Azərbaycanın vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, onların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında Konvensiya”, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” və s. göstərmək olar. Həmin müqavilələr çərçivəsində Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının rezidentlərinin xarici ölkələrdə əldə etdikləri gəlirlər və açdıqları bank hesabları barədə məlumatları illik əsasda əldə edir. Lakin məlumatların araşdırılması zamanı Azərbaycan Respublikasının rezidentlərinin xaricdə əldə etdikləri gəlirlərinin bəyanetmə səviyyəsinin aşağı olduğu müəyyən edilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergiödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.