İtaliyada hər bir vətəndaşın 46960 avro borcu var

10:11 - 17.04.2023


17 aprel, Fineko/abc.az. Fevralda İtaliyanın dövlət borcunun həcmi daha 21,6 milyard avro artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla da İtaliyanın dövlət borcu yeni tarixi maksimuma – 2,772 trilyona çatıb.

Bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2022-ci ildə İtaliyada cari qiymətlərlə 1,909 trilyon avro dəyərində məhsul və xidmətlər istehsal edilib. Beləliklə, borcun ÜDM-ə nisbəti 145% təşkil edir ki, bu da ölkənin inkişaf perspektivlərinə və iqtisadi siyasətinə ciddi təzyiq göstərir.

Ekspertlər dövlət borcunu hər bir vətəndaş üzrə də hesablayıblar. Aydın olub ki, hazırkı dövlət borcunu bütün italyanlar üzrə böləndə, hər bir vətəndaşın 46 960 avro borcu olduğu görünür.

Müəllif: Elmir Murad