Azərbaycanda bu qədər ailə zəruri xərclərini ödəməyə çətinlik çəkir

14:44 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Azərbaycanda 19,2 min ailə zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkir.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ev təsərrüfatlarının orta gəlirlərinin ev təsərrüfatlarının zəruri xərclərini ödəyə bilmə imkanları ilə bağlı sorğu aparılıb.

Aparılan sorğunun nəticəsinə əsasən müəyyən edilib ki, Azərbaycanda ümumi ev təsərrüfatlarının 0,8%-i zəruri xərclərini ödəyə bilməkdə böyük çətinlik çəkirlər.

Azərbaycanda təxminən 2 milyon 401 min ev təsərrüfatının olduğunu və hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfər düşdüyünü nəzərə alsaq, o zaman 81,2 min nəfərin öz ehtiyaclarını qarşılamaqda böyük çətinlik çəkdiyi məlum olur.

Bunlardan başqa zəruri xərclərini ödəyə bilməkdə çətinlik çəkən ev təsərrüfatlarının ümumi ev təsərrüfatlarındakı payı 4,2% olub. Bu isə o deməkdir ki, ölkədə 101 min ailə və ya 424 min nəfər öz zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.