Başqaları adına çoxsaylı şirkətlər açıb 5,7 milyon manatı vergidən yayındırıblar

15:36 - 4.04.2023


4 aprel, Fineko/abc.az. Yasamal Rayon Məhkəməsində vergidən yayınmaya görə barəsində cinayət işi açılmış şəxsin məhkəməsi başa çatıb.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, 66 yaşlı Əliqulu Əliyevin adına açılmış çoxsaylı şirkətlər vasitəsilə 5,7 milyon manatdan çox gəlir və mənfəət vergisinin büdcədən yayındırılması müəyyən edilib. Məhkəmədə Ə.Əliyev bildirib ki, şirkətləri onun adına tanınmış iş adamı Yaşar Allahverdiyev açıb və buna görə ona aylıq maaş verilib.

Məhkəmə prosesində həmçinin adı bir çox qalmaqallı cinayət işlərində hallanan və ifadələr vermiş Rəsmiyyə Qazıyeva da şahid qismində dindirilib.

Qeyd edək ki, vergidən yayınmış şirkətlər əsasən dövlət sifarişlərini yerinə yetirib və Əhməd Əhmədzadənin sədrliyi dövründə (2006–2021) Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsinin və digər qurumların keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.