10:09 - 13.03.2023
13 mart, Fineko/abc.az. Azərbaycanın vergi qanunvericiliyinə görə, bir sıra istisna hallar xaric, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Dövlət Vergi Xidməti 200.000 manatlıq limiti daha da azaltmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, Vergi və Mühasibatlıq Zirvəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Sahibkar Birlikləri və Assosiasiyaları ilə İş şöbəsinin rəisi Elvin Məmmədli distribyutor şirkətlərindən birinin nümayəndəsinin sualını cavablandırıb.
"Malı sənədsiz almaq istəyi əsasən sadələşdirilmiş vergi ödəyicilərində olur. Gəlir və ya mənfəət vergisi ödəyiciləri xərclərini rəsmiləşdirməkdə maraqlıdırlar. Amma sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti alışını gizlədir ki, hasilatın da gizlətsin. Vergi orqanının da ortamüddətli dövrdə baxışı bundan ibarətdir ki, sadələşdirilmiş vergi rejimi keçid dövründə təbiq edilən müvəqqəti rejimdir. Dövlət Vergi Xidməti tərəfindən ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınması planlaşdırılır. Bu tədbir qeyd etdiyiniz halların qarşısını müəyyən qədər alacaq.Təcrübə göstərir ki, sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti uçotu pozurlar".