Hacıqabulda zülal və üzvi gübrə istehsal ediləcək - Yeni müəssisə yaradılır

14:55 - 27.02.2023


27 fevral, Fineko/abc.az. Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə - "Provive" MMC fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-a bildirilib ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq.

Bu, tullantıların atılmasının qarşısını alacaq, eyni zamanda, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq. Nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.

İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-yə yaxın işçi çalışacaq. Hazırda müəssisənin istehsal gücü aylıq 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə 1 hektar ərazidə fəaliyyət göstərir.