Bakı metrosunda xəttə yeni qatar buraxılıb

17:30 - 17.02.2023


17 fevral, Fineko/abc.az. Bakı Metropoliteni 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni qatardan sonuncusunu da sazlama və sınaq işlərindən sonra xəttə buraxıb.

Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarların sayı 23-ə, yaxud vaqonların sayı 115-ə çatıb.

Metropolitendən ABC.AZ-a bildirilib ki, hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.

Qatarlardakı kondisioner sistemi Bakının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istehsal olunub.

Vaqondan-vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumunun artmasına da təsir edir.

Ümumilikdə bu qatarların baş vaqonları 315, orta vaqonları isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərnişin tutumunun 1617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlarda 38, orta vaqonlarda 44 nəfərlik oturacaqlarla təchiz olunub.