Avropanın bu ölkələrində işçi çatışmır – İşləmək istəyənlərin nəzərinə!

16:45 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Avropada işçi qüvvəsinə kəskin ehtiyac hiss olunur.

ABC.AZ xəbər verir ki, Avropa İttifaqında boş vakansiyaların sayı 3,1 faiz təşkil edir.

Otuza yaxın peşə növü üzrə işçi qüvvəsinin kəskin çatışmazlığı müşahidə olunur.

Avropa Komissiyasının hesablamalarına görə, hazırda Avropa ölkələrinin əhalisinin 70 faizi əmək qabiliyyətli yaşdadır, 2070-ci ildə isə bu göstərici 54 faizə düşəcək.

Bu vəziyyətlə üzləşmiş Avropa ölkələrinin çoxu xaricdən işçi qüvvəsini cəlb etmək məqsədilə işçilərin bu ölkələrə gəlməsini sürətləndirmək üçün yeni qaydalar müəyyən edir.

Avropa Parlamentində İspaniya sosialistlərini təmsil edən Hayver Morenonun sözlərinə görə, bu ölkədə işləmək üçün vahid icazə qaydalarının yeni redaksiyası üzərində iş aparılır.

Niderland, Belçika və Çexiyada boş vakansiyalar göstəricisi 5 faizə yaxınlaşır. Almaniya da, necə deyərlər, çox uzağa getməyib: burada həmin göstərici 4,5 faizə, Fransa və İtaliyada təqribən 2,5 faizə, İspaniyada isə cəmi 0,8 faizə bərabərdir.

Müəllif: Elmir Murad