Minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq - Deputat

10:26 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir:

“700 min vətəndaşımızı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əməkhaqqı verilə bilməz”.