Azərsu: Şuşa şəhəri 24 saat içməli su ilə təmin edilir - Foto

11:23 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirilir.

ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, layihəyə əsasən, Şuşa rayonu Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib.

Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür.

Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.

Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.