Azərbaycanda tikinti obyektləri barədə yeni qaydalar

14:30 - 13.12.2022


13 dekabr, Fineko/abc.az. Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası müəyyənləşir.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Bildirilir ki, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə yeni maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.