16:56 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.
ABC.AZ Axar.az-a istinadla xəbər verir ki, Fazil Məmmədov çox gənc yaşlarından müxtəlif vəzifələr tutub.
O, hələ 29 yaşında ikən Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat almışdı. 35 yaşında Dövlət Vergi Müfəttişliyinə, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi. Fazil Məmmədov 17 il nazir vəzifəsi daşımışdı.
Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.
Bundan başqa, Məmmədova aid olduğu bildirilən “Sinerji Qrup MMC” şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən “Excelsior Hotel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər “Sinerji Qrup MMC”nin tərkibində idi. “Şəmkir-Quşçuluq” MMC, 200-ə yaxın istixana, “Zəyəmkəndmaş” zavodu, “Şəmkir Ət-süd” MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyektlər də keçmiş nazirə məxsus idi.
İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.
10 Avqust 2026