15:47 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. Bu ilin iyulunda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib. Rəsmilər bunu xidmət səviyyəsinin yüksəldilməsilə əsaslandırıblar. Sərnişinlər isə Bakı-Naxçıvan-Bakı təyyarələrinin nasazlığından, komfortsuzluğundan gileylənirlər. Hətta ötən günlərdə “Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdı.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin naxçıvanlı deputatı Fazil Mustafa bildirib ki, ola bilsin AZAL “xidmətin artırılması” açıqlaması ilə zarafat edib.
Deputat qeyd edib ki, əgər AZAL keyfiyyətin artırılmasının marağında olsaydı, biletin qiymətini ucuzlaşdırardı:
“Yoxsa qiyməti kəllə-çarxa çıxarıblar, vətəndaşlar qan ağlayır. Keyfiyyət onsuz da yüksək olmalıdır. Keyfiyyətin olmaması ayrıca problemdir. Keyfiyyət lap pis olsun. Kimdir, AZAL-ın qəlbinə dəyən? AZAL istənilən şəkildə hava limanının, təyyarələrin istismarını həyata keçirə bilər”.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026