Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal danışıqlar aparılır - İlham Əliyev

12:27 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. "Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır".

ABC.AZ-ın məlumatına görə, bunu prezident İlhəm Əliyev, oktyabrın 6-da Praqada, Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti Qarabağ danışıqlarından sonra Azərbaycan mətbuatına verdiyi müsahibədə bildirib.

Dövlət başçısı açıqlayıb ki, artıq erməni əhalisi ilə qeyri-formal kontaktlar başlayıb:

"Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur".