Daşıyıcı şirkətlər müflisləşir - Avtobuslarda gediş haqqı artırılacaq?

16:15 - 31.08.2022


31 avqust, Fineko/abc.az. Son günlər sosial şəbəkələrdə və mediada Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bir sıra daşıyıcı şirkətlərin nəqliyyat vasitələrini satmaları ilə bağlı məlumatlar yayılıb. Belə ki, bir sıra daşıyıcı şirkətlər onlara aid avtobusları müxtəlif elan saytlarında satışa çıxarıblar.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, daşıyıcı şirkətlər bunu gediş haqqının az olması ilə əsaslandırırlar. “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev 191 ədəd “Daewoo” markalı avtobusun satılmasının nəzərdə tutulduğunu bildirib.

“Daşıyıcı şirkətlərin düşdüyü hazırki vəziyyət bu sektorda olan hər kəsə məlumdur. 30 qəpik gediş haqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir", - deyə N.Rzayev əlavə edib.