Azərbaycana ikinci növ toyuqlar hələ də idxal edilir - Assosiasiya həyəcan təbili çalır

11:18 - 8.06.2022


8 iyun, Fineko/abc.az. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) olaraq, bir müddət əvvəl ölkə vətəndaşlarına müraciətimizdə ölkə bazarlarında kütləvi şəkildə təklif olunan toyuqlara münasibətdə ehtiyatlı  davranmalarını xahiş etmişdik.

APEPEA-dan ABC.AZ-a daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, bu toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən, onların üzərində “Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd edilir.

“Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi sayılır – bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: “Kənd toyuğu” hara, 2-ci növ ət hara? Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində “2-ci növ” qeydini yazır.  İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq üçün iri hərflərlə “Belarus kənd toyuğu” ifadəsini vururlar. Ölkə qanunvericiliyinə zidd olaraq toyuqlar Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır.