Avrozona inflyasiyasında yeni rekord

14:43 - 31.05.2022


31 may, Fineko/abc.az. Avrozonada inflyasiya may ayında illik 8,1 faizlə yeni rekorda imza atıb. Beləliklə, inflyasiya ardıcıl 7 ay rekord silsiləsini davam etdirib.

ABC.AZ Avropa Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, apreldə 7,5 faiz olan illik inflyasiya may ayında 8,1 faizə yüksəlib.

İnflyasiya aylıq olaraq 0,8 faiz və 0,6 faiz proqnozları üstələyib.

Əsas inflyasiya isə əvvəlki 3,5 faizdən 3,8 faiz artıb. İtaliyada inflyasiya 7,3 faizlə gözləntilərin üzərində olarkən, Fransada 5,8 faizə yüksələrək rekord qırıb.

Almaniyada inflyasiya 8,7 faizə çatarkən, maliyyə naziri Kristian Lindner inflyasiya ilə mübarizənin birinci prioritet olduğunu bildirib.

Böyük Britaniya və ABŞ-ın ardınca Avropa Mərkəzi Bankı da yüksək inflyasiyanın qarşısını almaq üçün on ildən artıq müddətdə ilk dəfə olaraq faiz dərəcələrini artırmağa hazırlaşır.