“AzerGold” Göygölün bu kəndinin bəzi torpaq sahələrini icarəyə götürür

11:46 - 7.04.2022


7 aprel, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması üçün Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində müvafiq işlər görür.

ABC.AZ-ın məlumatına görə, cari ildə istismara verilməsi planlaşdırılan “Tülallar” mədənində hasil ediləcək filizlərin də Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində (ÇİRES) hazırda inşa edilməkdə olan filiz emalı zavodunda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir.

2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Tülallar”la yanaşı onun cinah sahələri, “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş 2”, eləcə də ötən il Cəmiyyətin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.