Azərbaycan tütün ixracından 50 milyon dollardan çox vəsait qazana bilər

12:23 - 31.03.2022


31 mart, Fineko/abc.az. Azərbaycanda tütün məmulatlarının ixracının stimullaşdırılması ölkəyə il ərzində əlavə olaraq 50 milyon dollardan çox xarici valyuta gəlməsini təmin edə bilər.

ABC.AZ xəbər verir ki, bunu “Tabaterra”Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd edilib ki, “Tabaterra”nın illik ixrac potensialı 5 milyard ədəd siqaret təşkil edir.

"Bu potensialın, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər tütün məmulatları istehsalçılarının ixrac potensialının tam olaraq reallaşması üçün tütün məmulatlarının ixracı stimullaşdırıla bilər. Bu sahədə ixracatın stimullaşdırılması yerli müəssisələrin dünya miqyasında rəqabətədavamlılığını möhkəmləndirəcək. Bu, eyni zamanda həmin müəssisələrdə yeni iş yerlərinin yaradılmasını, yerli xammal kütləsinin ümumi dəyər zəncirində payının artmasını və ən əsası, ölkəmizə illik olaraq 50 milyon dollardan çox xarici valyuta axınının gəlməsini təmin edə bilər. Bu isə öz növbəsində qeyri-neft sektorunun ixrac həcmində 2% artım deməkdir” deyə şirkətdən bildirilib.