15:06 - 15.03.2022
15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxış edib.
ABC.AZ-ın məlumatına görə, dövlət başçısı müstəqillik dövründə Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatdığını qeyd edib.
"Bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Əlavə etsəm ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar", - deyə İ.Əliyev qeyd edib.
18 Avqust 2026