Azərbaycan 2021-ci ildə qızıl ixracını 42% artırıb

15:42 - 3.03.2022


3 mart, Fineko/abc.az. Azərbaycan 2021-ci ildə dünya bazarlarına 6 min 83,17 kq qızıl ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 42,4% çoxdur.

ABC.AZ İnterfaks.az-a istinadla xəbər verir ki, ixrac olunmuş qızılın dəyəri $202 milyon 523,33 min (artım 3,4%) təşkil edib.

Azərbaycan $2 milyon 205,75 min dəyərində (azalma 2,2%) 2 min 981,1 kq gümüş (azalma 12,7%) ixrac edib.

Qızıl ixracının bütün həcmi və gümüş ixracının böyük hissəsi ($2 milyon 79,95 min dəyərində 2 min 611,1 kq) İsveçrənin payına düşüb. Gümüşün qalan həcmi ($125,8 min dəyərində 370 kq) Türkiyəyə ixrac edilib.

Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl hasilatı planlaşdırılır.

Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.