Ağdama 3.6 milyon manat sərmayə qoyulacaq - 830 daimi iş yeri açılacaq

10:57 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Ağdam Sənaye Parkının rezidentlərinin sayı, investisiya dəyəri açıqlanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, həmin rezidentlər aşağıdakılardır:

“Dadaş-N” MMC

Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq şirkət Parkda 2 ha ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 700 min kvadratmetr xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

“Veliev” MMC

Şirkət “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirəcək.  Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq.

“Smartpoint” MMC

Şirkət Parkın ərazisində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Parkın 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq.

“Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC

Şirkət “Polimer məhsulların istehsalı” layihəsi həyata keçirəcək. Layihənin investisiya dəyəri 10 milyon manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq.

“Ağ Tekstil” MMC

Şirkət “Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi həyata keçirəcək. Layihənin investisiya dəyəri 5,5 milyon manatdır. Parkın 1 hektar ərazisində inşa ediləcək müəssisədə 110 daimi iş yeri yaradılacaq.

Müəllif: Elmir Murad