19:45 - 7.02.2022
7 fevral, Fineko/abc.az. “AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsal proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb.
ABC.AZ-ın məlumatına görə, bunu Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
İdarə Heyətinin sədri qeyd edib ki, məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb.
“Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb. Cari ildə isə 61074 unsiya qızıl, 122147 unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib. Ötən illərdə Cəmiyyət tərəfindən aparılmış əlavə tədqiqat, kəşfiyyat və mədənin optimizasiyası işləri nəticəsində Çovdar yatağının oksid mərhələsi üzrə satılabiləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək yüksəldilib. Çovdar yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprel ayında tamamlanıb. Eyni zamanda, hesabat ilində Çovdar yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilib. Xatırladım ki, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin ümumi hasilat göstəriciləri 256.5 min unsiya qızıl və 488 min unsiya gümüş təşkil edir” deyə Z.İbrahimov bildirib.