“AzerGold” şirkəti hesabat verdi - Ötən ilin yekunları açıqlanıb

19:37 - 7.02.2022


7 fevral, Fineko/abc.az. Dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində davam etdirilən islahatlar nəticəsində dağ-mədən sənayesinin bu sahədə payı getdikcə artmaqdadır.

ABC.AZ-ın məlumatına görə, bunu Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib. İdarə Heyətinin sədri qeyd edib ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emalı sənayesində isə 21,7% artıb. Qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb.

“Bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir. Bununla yanaşı, 2021-ci il ərzində ölkəmizin qeyri-neft sektoru üzrə ixrac 2,7 mlrd. ABŞ dolları təşkil edib. Bu da 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artım deməkdir” deyə Z.İbrahimov vurğulayıb.

Cəmiyyət sədri ölkəmizdə həyata keçirilən sturktur islahatlarına toxunaraq qeyd edib ki, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində “AzerGold” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: “Beləliklə, beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə üsullarının tətbiq edildiyi Cəmiyyətin bu yöndə fəaliyyəti daha da təkmilləşdirilib. Bu müddət ərzində Azərbaycan İnvestisya Holdinqinin bilvasitə rəhbərliyi ilə bütün fəaliyyət sahələri üzrə ən optimal metodlarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılıb. Cəmiyyətin qızıl satışı üzrə gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədilə hedcinq əməliyyatları üzrə qaydalar, əsas Səmərəlilik Göstəricilərinin nəticəsinə əsaslanan ödəniş sistemi əsasında Cəmiyyətin işçilərinə bonus ödənişinin verilməsi Qaydaları və sairə digər mühüm qərarlar daxildir. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin fəaliyyətində səmərlilik və milli iqtisadiyyatımıza verilən töhfələr daha da artacaq”.

Müəllif: Elmir Murad