3 noyabr, Fineko/abc.az. Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ABC.AZ-a verilən məlumata görə, bu məqsədlə KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. Əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq. Proqrama cəlb olunan şəxslər təlimləri və qiymətləndirmə mərhələsini uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyət sahələrinə uyğun olaraq müvafiq avadanlıqlarla təmin olunacaqlar.
Müəllif: Elmir Murad