Elektron ticarətə maraq artıb - 39 faizdən çox artım

15:57 - 25.08.2021


25 avgust, Fineko/abc.az. 2021-ci ilin iyul ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 481 milyon manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord iyun ayında qeydə alınmışdı - 446 milyon manat.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici iyun ayı ilə müqayisədə 7,8%, ötən ilin iyul ayı ilə müqayisədə isə 53,7% artıb.

E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib - 54,6%.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 2 milyard 773 milyon manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% çoxdur.