Azərbaycanın Körfəz ölkələrlə ticarət dövriyyəsi artıb

12:13 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 230 milyon ABŞ dollarına yaxın, BƏƏ ilə 27,4 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 11,9 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 212,5 milyon dollar, BƏƏ-dən 19,5 milyon dollar, Səudiyyə Ərəbistanından isə 9 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.