Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

14:13 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Avqustun 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-nin məlumatına istinadla xəbər verir ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6,5 faiz, tədavül müddəti 1092 gündür. İstiqrazlar 2024-cü il avqustun 13-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.