Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı Türkiyə şirkətləri ilə müzakirələr aparılır

11:20 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib.

Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, gələn ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.