15:50 - 22.04.2021
22 aprel, Fineko/abc.az. Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb.
Bu barədə ABC.AZ-a Azərsu ASC-dən məlumat verilib.
Qeyd olunur ki, Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür çayı seçilib və çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası və 5 ədəd nasosun quraşdırılması nəzərdə tutulub.
Emal prosesindən sonra təmiz su ümumi həcmi 2500 kubmetr olan 2 su anbarında toplanacaq. Anbarlara toplanan su magistral xətlər vasitəsilə paylayıcı şəbəkəyə ötürüləcək.
Layihənin növbəti mərhələsində şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq.