Şuşada mehmanxana tikilir – Prezident işlərlə tanış olub

14:28 - 17.03.2021


17 mart, Fineko/abc.az. Şuşada “Qarabağ” otelində yenidənqurma işləri aparılır.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev yenidənqurma işləri tanış olub. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib.

Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb.

Yenidənqurma işləri ilə tanış olarkən Prezident İ.Əliyev bunları deyib: "Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq. “Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq".

Dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Şuşada Park otelin yerləşəcəyi binaya da baxdılar. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək.

Prezident İlham Əliyev: "Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir".