Həftəsonu yenidən sərt karantin qaydası tətbiq olunacaq? – Açıqlama

12:35 - 8.06.2020


8 iyun, Fineko/abc.az. İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib, bu, cəfəngiyyatdır.

Bəziləri bu barədə yalan məlumatlar yayıblar. Bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək".