14:06 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşğuldur və bu layihəyə 50 milyon manatlıq investisiya yatırılıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, müəssisə fəaliyyətə başladıqda azad olunmuş ərazilərdə 650 əlavə iş yeri açılacaq.
Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahəsində olan imkanlar, Azərbaycanın təklif etdiyi məqamlar, Avropa ilə Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya arasında körpü rolunun oynanması, Bakı limanının potensialı və onun artma planları, eyni zamanda, Şimali Avropada əsas giriş məntəqələrinin olması, eləcə də iki ölkənin dəmiryolu operatorları arasında sıx əlaqələrin formalaşması müzakirə edilib.
Nazir Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad İqtisadi Zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını faydalı hesab etdiklərini vurğulayıb.
C.Bayramov həmçinin görüş zamanı humanitar və turizm sahəsinin də müzakirə olunduğunu qeyd edərək, hazırda Litvada 800-ə yaxın azərbaycanlı tələbənin ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil aldığını əlavə edib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026