Avropada qaz bahalaşır - Azərbaycan bazara nə qədər qaz göndərib?

10:13 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Avropada havaların kəskin soyuyacağına dair proqnozlar fonunda təbii qazın qiyməti sürətlə yüksəlib.

Regionda qaz ehtiyatlarının mövsümi orta göstəricilərdən aşağı olması və qış aylarında tələbatın artacağı gözləntiləri bazarda qiymət artımını gücləndirib.

Noyabrın 23-də Avropanın əsas qaz qiymət göstəricisi olan Niderlandın TTF habında fyuçerslərin qiyməti gün ərzində 8,6% artaraq meqavat-saat üçün 96,075 avroya (105,54 dollar) çatıb ki, bu da son bir həftədən çox müddətdə qeydə alınan ən güclü gündaxili artımdır.

Təqdim edilən məlumatlara əsasən, TTF qazının 1 000 kubmetr üçün qiyməti noyabrın 23-də 1 056,77 dollar səviyyəsində göstərilib və noyabrın 18-dəki 918,65 dollarlıq göstərici ilə müqayisədə beş təqvim günü ərzində təxminən 15% yüksəlib.

"Atmospheric G2" şirkətinin məlumatına görə, bu həftə Şimal-Qərbi Avropada temperaturun son 30 ilin orta göstəricisindən 3–5°C, dekabrın əvvəlində isə 5–8°C aşağı olacağı, "MetDesk"in proqnozlarına əsasən isə Almaniya, Danimarka və Niderlandda küləyin zəifləməsi ilə elektrik istehsalında qaza tələbatın artacağı gözlənilir.

Yaxın Şərqdəki qarşıdurmalar səbəbindən LNG tədarükündəki məhdudiyyətlər və Asiya bazarındakı soyuqlar fonunda rəqabətin artması da Avropanın qış ehtiyatlarına təzyiqi artırır. Belə bir şəraitdə Azərbaycanın Avropa bazarına qaz tədarükü xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz cari ilin ilk doqquz ayı ərzində Avropaya 8,6 milyard kubmetr təbii qaz ixrac edib.