Fərdi kuryerlər üçün yeni vergi qaydası: Ayda cəmi 15 manat

12:31 - 18.11.2026


18 noyabr, Fineko/abc.az ​Azərbaycanda muzdlu işçi cəlb etmədən fərdi qaydada kuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş verginin aylıq 15 manat sabit məbləğ əsasında müəyyən edilməsi təklif olunur.

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, avtomobil, motosiklet, velosiped və skuterlə çatdırılma xidməti göstərən bu şəxslərin vergi öhdəliklərini sabit qəbz vasitəsilə yerinə yetirməsi nəzərdə tutulur.

​Son illərdə elektron ticarətin genişlənməsi ilə sürətlə artan bu sahədə kuryerlərin hesabat vermək və gəlir-xərc uçotu aparmaq vərdişlərinin olmaması, eləcə də mövcud inzibati yük onları çox vaxt qeyri-rəsmi fəaliyyətə sövq edirdi.

Yeni sabit vergi modeli həm vergi hesablanması və mühasibatlıq xərclərini azaldacaq, həm də vergi orqanları üçün nəzarəti asanlaşdıraraq kuryerlərin leqal fəaliyyətə keçidini və dövriyyənin şəffaf uçotunu təşviq edəcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.