Tanınmış bloqer milyonluq tenderlər udan şirkətdən ayrıldı

12:12 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Tibbi avadanlıq və ləvazimatların təchizatı üzrə ixtisaslaşan “Araş” firmasında rəhbər dəyişikliyi baş verib.

Şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsini tərk edib, onun yerinə isə Əli Abdullayev təyin olunub.

2004-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Araş” firması mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarının qalibi kimi tanınır.

Şirkət son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə ümumi dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalayıb.

Vəzifəsindən ayrılan Ehtiram Fərzəlibəyov ölkədə həm də tanınmış kulinar, "food" və "travel" bloqer kimi məşhurdur.

O, sosial şəbəkə hesablarında dünyanın müxtəlif mətbəxləri, restoranlar və səyahətlərlə bağlı paylaşımlar edir. Kulinariya sahəsinə dair kitabların müəllifi olan Fərzəlibəyov beynəlxalq mediada Azərbaycan mətbəxinin tanıdılması və təbliği ilə bağlı materiallarda da yer alıb.