Azərbaycanda mənzil bazarında qiymət artımı sürətini itirir

15:16 - 17.11.2026


17 noyabr, Fineko/abc.az. Azərbaycanda mənzil bazarında bahalaşma 2026-cı ilin üçüncü rübündə də davam edib, lakin ilin əvvəlindən müşahidə edilən dinamika göstərir ki, qiymətlər artsa da, bahalaşmanın sürəti zəifləyib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında mənzillər ötən ilin eyni dövrünə nisbətən 8,4%, ikinci rüblə müqayisədə isə 1,4% bahalaşıb.

Rüblər üzrə dinamika göstərir ki, birinci rübdə qiymətlər əvvəlki rüblə müqayisədə 2,2%, ikinci rübdə 1,6%, üçüncü rübdə isə 1,4% artaraq ardıcıl zəifləyib.

İllik müqayisədə isə ümumi bazarda artım birinci rübdə 8,1%, ikinci rübdə 8,6%, üçüncü rübdə 8,4% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin üçüncü rübündə yeni tikililərdə illik bahalaşma 11,7%, təkrar mənzil bazarında isə 10,8% olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 10,4% və 8,4%-ə enib.