Azərbaycanda süni intellekt və rəqəmsal infrastruktur genişləndirilir

12:01 - 12.11.2026


12 noyabr, Fineko/abc.az. Azərbaycanda dövlət və özəl sektorda süni intellekt texnologiyalarının tətbiqinin artırılması və bu sahədə infrastrukturun inkişafı planlaşdırılır.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, süni intellektin tətbiqinin genişləndirilməsi ilə yanaşı, müvafiq infrastrukturun təkmilləşdirilməsi də prioritet istiqamətlərdəndir:

"Bu məqsədlə artıq hökumət buludunda lazımi infrastruktur yaradılıb və qarşıdakı dövrdə onun imkanlarının daha da artırılması nəzərdə tutulur".