"TürkAkım"ın operatorundan "Gasunie" və "Naftogaz"a qarşı məhkəmə iddiası

15:34 - 6.11.2026


6 Noyabr, Fineko/abcnews. "TürkAkım" sualtı təbii qaz boru kəmərinin operatoru "South Stream Transport B.V." Niderlandın "Gasunie Transport Services" və Ukraynanın "Naftogaz" şirkətlərinə qarşı Rusiya məhkəməsində iddia qaldırıb. Moskva Vilayəti Arbitraj Məhkəməsinin reyestr məlumatlarına əsasən, 5 noyabr tarixində təqdim olunan müraciət icraata qəbul edilib.

İş üzrə ilk məhkəmə baxışı 1 dekabr tarixinə təyin olunub. Korporativ mübahisə kateqoriyasına aid edilən iddiada Rusiyanın "Gazprom" şirkəti üçüncü tərəf qismində iştirak edir.

 İddianın təfərrüatları hələlik açıqlanmasa da, "TürkAkım" kəməri Türkiyə ilə yanaşı Cənub və Şərqi Avropa ölkələrinə ildə 31,5 milyard kubmetr ötürmə gücü ilə qaz tədarükünü təmin edən əsas infrastrukturlardan biridir.