“Omid” mağazalar şəbəkəsində qalmaqal: Rəhbər və satış müdiri həbs olundu

09:58 - 6.11.2026


6 noyabr, Fineko/abc.az. Azərbaycanın ən böyük təmir, inşaat və məişət əşyaları şəbəkələrindən olan “Omid” mağazalar şəbəkəsində səs-küylü həbslər həyata keçirilib.

Şirkətin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə işçiyə qarşı zor tətbiq etməkdə və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək saxlanılıblar.

Hadisənin təfərrüatlarına görə, rəhbərlik “Omid Gəncə-3” filialının müdirini satılan mallardan gələn gəliri mənimsəməkdə ittiham edib.

İddialara görə, onlar filial müdirini döyərək müxtəlif vasitələrlə hədələyib və şirkətə dəymiş ziyan əvəzi kimi ondan 88 min manat tələb ediblər.

Zərərçəkənin polisə müraciətindən sonra keçirilən əməliyyatla saxlanılan Rəhman Məmmədov və Tərlan Qasımzadəyə Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, “Omid” ölkə üzrə Bakı, Gəncə, Sumqayıt və digər rayonlarda 100-ə yaxın filialı ilə topdan və pərakəndə satış həyata keçirən nəhəng ticarət şəbəkələrindən biridir.