AMB-nin bu səlahiyyəti genişləndirilir

11:53 - 16.10.2026


16 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çxıarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.

Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.

Layihəyə əsasən Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.