Ləğv olunan “Azərşin” ASC səhmdarlarının növbədənkənar toplanışını elan edib

17:33 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Azərşin” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib.

İclas 30 oktyabr 2026-cı il tarixində saat 15:00-da cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 8 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Növbədənkənar ümumi yığıncağın gündəliyinə ümumi yığıncağın gündəliyinin təsdiq olunması, cəmiyyətə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq dəyərin səhmdarların sahib olduqları səhmlərin faiz nisbətində bölüşdürülməsi, dövriyyədə olan səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər daxil edilib.

30 sentyabr 2002-ci il tarixində dövlət qeydiyyatına alınan, 1500490311 VÖEN-li “Azərşin” ASC-nin nizamnamə kapitalı 1 788 628 manat təşkil edir və cəmiyyətin qanuni təmsilçisi Vasif Ülfət oğlu Kərimovdur.