“Almet Baku”nun mənfəəti kəskin azalıb

15:46 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Polad ticarəti və metal məhsullarının istehsalı ilə məşğul olan “Almet Baku” ASC 2025-ci ili 6,1 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 97,2 faizlik kəskin azalma deməkdir.

Şirkətin əsas əməliyyat gəlirləri 21,5 faiz azalaraq 9,3 milyon manata düşsə də, satışın maya dəyərinin də 8,2 milyon manata enməsi fonunda ümumi mənfəəti 1 milyon manat təşkil edib.

Kommersiya xərclərinin 7,9 dəfə artaraq 242,3 min manata çatması əməliyyat mənfəətinin 59,8 faiz kiçilərək 256,3 min manata enməsinə təsir göstərib.

Hesabat dövründə 267,4 min manat dividend elan edildiyindən şirkətin balansındakı bölüşdürülməmiş mənfəət 91 faiz azalaraq 25,9 min manata, kapitalı isə 89,7 faiz enərək 29,9 min manata düşüb. İlin sonunda 6,2 milyon manatlıq aktivlərə və eyni həcmdə öhdəliklərə malik olan şirkətin pul vəsaitləri 41,3 faiz artaraq 537,7 min manata çatıb, əsas vəsaitlərin alınması xərcləri isə 14,4 min manatadək azalıb.

2019-cu ildən fəaliyyət göstərən 3,99 min manat nizamnamə kapitalına sahib “Almet Baku”nun səhmlərinin 90 faizi Rüfət Rüstəmova, 10 faizi isə Elxan Orucova məxsusdur.