Bakının mərkəzində bəzi küçələrdə maşınların hərəkəti tam məhdudlaşdırılır

14:15 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, şəhər mərkəzində mobilliyi artırmaq və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi küçələrdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət artıq həftənin bütün günlərini əhatə edəcək.

Oktyabrın 5-dən test rejimində tətbiq olunacaq yeni qaydalar Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, eləcə də Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.

Şəhərin turizm və biznes potensialını artırmağa yönələn bu əraziyə sakinlərin, fərdi parklanma talonu olanların, həmçinin operativ, tibbi, kommunal və logistika nəqliyyat vasitələrinin giriş-çıxışına şərait yaradılacaq.