Gəncədə də müntəzəm marşrutlar "brutto müqavilə" modelinə keçirilir – AYNA

16:13 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə fəaliyyətini davam etdirir.

Həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri “brutto müqavilə” modelinə keçirilib.

Növbəti mərhələdə isə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq.

Yeni “brutto müqavilə” modelinə əsasən, daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər həyata keçirilir. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir, daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Bu mexanizm sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında avtobusların fasiləsiz xidmət göstərməsini və qrafikə dəqiq riayət olunmasını təmin edir. Müqavilə modeli, aynı zamanda, daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artırır. Bu da avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına zəmin yaradır. Eyni zamanda, yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları formalaşdırır.