Nizamnamə kapitalı 100 manat, vergi borcu 4 milyon: “Terminal Consultinq” cərimələndi

10:25 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. “Terminal Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xarici valyuta əməliyyatları ilə bağlı qanunvericiliyin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.

Şirkət 2024-cü ildə bank vasitəsilə ölkə xaricinə 80 min ABŞ dolları məbləğində avans ödənişi edib. Lakin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə zidd olaraq, ödəniş edilən gündən müəyyən olunmuş 2 il müddətində nə həmin məbləğdə mallar ölkəyə idxal olunub, nə də valyuta vəsaiti geri qaytarılıb.

Qanunvericiliyin pozulması ilə bağlı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, “Terminal Consultinq” MMC xaricə köçürülən məbləğin 20 faizi miqdarında, yəni 16 min ABŞ dolları (27,2 min manat) cərimə olunub.

Məlumat üçün bildirək ki, 2011-ci ildən fəaliyyət göstərən və nizamnamə kapitalı cəmi 100 manat təşkil edən “Terminal Consultinq” MMC-nin hazırda 4 milyon manat vergi borcu yığılıb.

Bu yaxınlarda şirkətin rəhbərliyində də dəyişiklik baş verib; direktor vəzifəsinə Cəfər Əlizadənin yerinə Orxan Mehdiyev təyin olunub.